- 20:39
Almaniya hökuməti NATO-nun şərq cinahında mövcudluğunu gücləndirmək məqsədilə Polşa hava məkanında həyata keçirilən hava nəzarət missiyasını genişləndirmək qərarına gəlib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius açıqlama verib. O bildirib ki, bu addım Rusiya təyyarələrinin bir müddət öncə Polşa hava sərhədini pozmasına cavab olaraq atılır.
“Almaniya Baltikyanı ölkələrdə və Polşadakı mövcud öhdəliklərinə əlavə olaraq, Polşa üzərindəki hava patrul əməliyyatını daha da genişləndirmək niyyətindədir,” - deyə Kornelius qeyd edib.
O həmçinin vurğulayıb ki, Almaniya hökuməti Ukraynaya dəstəyi artırmağa davam edəcək və Avropa İttifaqı (Aİ) çərçivəsində Rusiyaya qarşı 19-cu sanksiya paketinin qəbul olunmasına nail olmaq üçün təşəbbüslər göstərəcək.
Almaniya Müdafiə Nazirliyinin yaydığı yazılı məlumatda bildirilir ki, atılacaq addımlar NATO və müttəfiq ölkələrlə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək.
Nazirliyin açıqlamasına əsasən, Laage Hava Bazasında Polşanın hava məkanının müdafiəsi üçün döyüş hazırlığında saxlanılan hava patrul dəstəsinin fəaliyyəti 2025-ci il dekabrın 31-dək uzadılacaq. Bundan əlavə, burada yerləşən Eurofighter qırıcılarının sayı iki dəfə artırılaraq dörd ədədə çatdırılacaq.
Şəbnəm Mehdizadə