- 12:59
Böyük Britaniyada mənzil böhranı getdikcə dərinləşməkdədir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Shelter mənzil xeyriyyə təşkilatının illik qiymətləndirməsinə görə, küçələrdə yatan insanların sayı bir il ərzində 20 faiz artaraq 4667 nəfərə çatıb. Yüz minlərlə insan evsizliyin müxtəlif formaları ilə üzləşir.
Məlumata görə, hazırda ölkədə 380 000-dən çox insan, o cümlədən 175 025 uşaq evsizdir.
Bu, ötən illə müqayisədə 8% artım deməkdir və 28 602 nəfər artıb. Bu o deməkdir ki, İngiltərədə hər 153 nəfərdən biri, Londonda isə hər 45 nəfərdən biri evsizliklə mübarizə aparır.
Təşkilatın baş direktoru Sarah Elliott bildirib ki, qış yaxınlaşdıqca 382.000-dən çox insanın evsiz olması ağlasığmazdır və minlərlə insan donma təhlükəsi ilə üz-üzədir.
Hesabat göstərir ki, evsizlərin 90%-dən çoxu, o cümlədən 84 240 ailə müvəqqəti yaşayış yerlərində saxlanılır. Ən azı 4031 nəfər sosial xidmət göstərilən yerlərdə, 16294 nəfər isə yataqxana və ya digər yaşayış mərkəzlərindədir.
Mənzil naziri Steve Reed bildirib: "Evsizlik cəmiyyət olaraq qarşılaşdığımız ən mühüm problemlərdən biridir, çünki bu, insanlarla bağlıdır. Ailələr sabitliyə, uşaqlar təhlükəsiz mühitə və fərdlər evin təmin etdiyi ləyaqətə layiqdirlər. Yeni strategiya ilə biz evsizliyin nadir, qısa müddətli və təkrarlanmadığı bir gələcək qura bilərik".
Şəbnəm Mehdizadə