- 13:38
ABŞ-nin Arizona ştatında yaşayan Ceklin Ades adlı qadın sosial şəbəkədə tanış olduğu kişiyə ilk görüşdən sonra 65 min mesaj göndərməkdə və onun evinə qanunsuz daxil olmaqda ittiham edilərək həbs edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ades həmin şəxslə sosial şəbəkə vasitəsilə tanış olub və danışmağa başlayıb.
Məlumata görə, o, həmin kişi ilə yalnız bir dəfə görüşüb və bundan sonra onu narahat etməyə başlayıb. İddia olunur ki, Ades kişinin telefonuna təxminən 65 min mesaj göndərib. Yerli televiziya kanallarının məlumatına görə, o, bəzən bir gündə 500 mesaj yazıb.
Paradise Valley Polis Departamenti bildirib ki, Adesin kişinin evinə və ya iş yerinə getdiyi ilə bağlı dörd şikayət alıblar. Həmin şəxs deyib ki, özü ölkə xaricində olsa da, təhlükəsizlik kameralarından qadının onun evinə daxil olduğunu görüb.
Polis hadisə yerinə gələn zaman qadın zərərçəkmişin evində duş alırmış.
Hadisə ilə bağlı araşdırmalar aparılarkən qadının avtomobilinin ön oturacağında bir ət bıçağı tapılıb.
Polisin açıqlamasına görə, Ades bu hadisədən sonra saxlanılıb və yaşayış yerinin toxunulmazlığını pozmaq maddəsi üzrə mühakimə edilərək həbs edilib.
Yusif Şükürov