- 15:33
İsveçrədə seçicilər iyunun 14-də keçiriləcək referendumda əhalinin 10 milyon nəfərlə məhdudlaşdırılması təklifi üzrə səs verəcəklər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət referendumun tarixini təsdiqləyib.
Təşəbbüsə görə, ölkədə daimi əhalinin sayı 2050-ci ildən etibarən 10 milyonu keçməməlidir. Əhali 9,5 milyonu aşarsa, hökumət və parlament, xüsusilə sığınacaq və ailə birləşməsi sahələrində məhdudlaşdırıcı tədbirlər görməlidir. Zəruri halda əhalinin artımını təşviq edən beynəlxalq sazişlərə yenidən baxılması, son çarə kimi isə Aİ ilə şəxslərin sərbəst hərəkəti haqqında sazişin ləğvi nəzərdə tutulur.
Hökumət və parlament təşəbbüsə qarşıdır və bunun yeni problemlər yarada biləcəyini bildirir. Tərəfdarlar isə əhalinin artımının infrastruktur və kirayə bazarına təzyiq göstərdiyini, təşəbbüsün immiqrasiyaya nəzarət üçün zəruri olduğunu deyirlər. Hazırda İsveçrənin əhalisi təxminən 9,1 milyon nəfərdir.
Referendumda həmçinin mülki xidmətə keçidi sərtləşdirən islahat paketi də səsə qoyulacaq. Plan hərbi xidmətdən mülki qulluğa keçənlərin sayını azaltmağı və illik qəbulun 6600-dən 4000-ə endirilməsini nəzərdə tutur.
İsveçrədə 100 min imza toplanan təşəbbüslər referenduma çıxarılır və qəbul edilərsə dərhal qüvvəyə minir.
Şəbnəm Mehdizadə