- 17:26
Avropa İttifaqı ölkələrində əhalinin 68%-i ölkələrinin təhlükə altında olduğunu düşünür.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Komissiyasının tələbi ilə Brüsseldə yerləşən "Demoscopy" ictimai rəy araşdırma şirkəti tərəfindən Münhen Təhlükəsizlik Konfransı ərəfəsində aparılan sorğunun nəticələrinə əsasən, Aİ ölkələrində respondentlərin 68%-i mövcud beynəlxalq vəziyyətdə ölkələrinin təhlükə ilə üz-üzə olduğunu bildirir.
Respondentlərin 42%-i şəxsi təhlükəsizliyinin risk altında olduğunu qeyd edib. Təhlükə səviyyəsinin ən yüksək qiymətləndirildiyi ölkələr isə 80% göstərici ilə Fransa, 77% ilə Hollandiya və Danimarka, 75% ilə Almaniya olub.
Müdafiə sərmayələrinə gəlincə, iştirakçıların 32 faizi Aİ-nin bu istiqamətdə kifayət qədər addım atmadığını, 34 faizi isə öz ölkələrinin yetərli tədbirlər görmədiyini düşünür.
Bununla belə, avropalıların 52 faizi Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində imkanlarını gücləndirə biləcəyinə inanır.
Aİ-nin üç ən böyük ölkəsində - Almaniya, Fransa və İtaliyada bu göstərici daha aşağıdır. Alman və italyan respondentlərin 47 faizi, fransız respondentlərin isə 40 faizi bu fikirlə razılaşmır.
Sözügedən sorğu 5–12 yanvar 2026-cı il tarixlərində Aİ-nin 27 üzv dövlətində təxminən 27 min nəfərin iştirakı ilə onlayn formatda keçirilib.
Şəbnəm Mehdizadə