- 17:01
Alimlər planetlərin ömrünü müəyyən edən amilləri araşdırıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində Yerin ömrünün əvvəllər düşünüləndən daha qısa olduğu məlum olub.
Gənc ulduzların ətrafındakı toz dənələri kütləvi toqquşmalar nəticəsində birləşərək planetlərin yaranmasına səbəb olur. Lakin bir planetin sonunu müəyyən etmək, onun yaranmasını təyin etməkdən daha mürəkkəbdir.
Elmi ictimaiyyətdə planetin ölümü ümumiyyətlə onun tam fiziki parçalanması və ya həyat şəraitinin daimi dəyişməsi kimi qəbul edilir. Məsələn, Yerə nəzər salsaq, planetimizin taleyi birbaşa Günəşin təkamülü ilə bağlıdır. Təxminən 5 milyard il sonra Günəş yanacaq ehtiyatını tükəndirərək qırmızı nəhəngə çevriləcək və bu zaman Yerin okeanları buxarlaşacaq. Nəticədə, Yer əvvəlcə yaşayış üçün yararsız hala gələcək, sonra isə genişlənən Günəş tərəfindən udulmaq və ya kosmosa atılma təhlükəsi ilə üzləşəcək.
Kainatın ümumi vəziyyətinə nəzər salsaq, görərik ki, Yerin ömrü əslində çox qısadır. Kosmosdakı ulduzların əksəriyyəti qırmızı cırtdan ulduzlardır və bu ulduzlar Günəşdən çox daha yavaş yanacaq sərf etdikləri üçün trilyonlarla il mövcud ola bilirlər. Bu ulduzların ətrafında dövr edən qayalı planetlər isə on milyardlarla il ərzində daxili istiliklərini və geoloji aktivliklərini qoruyub saxlaya bilərlər.
Planetlərin son taleyi bəzən böyük bir toqquşma, bəzən də orbitdən çıxaraq qalaktikanın dərinliklərinə səpələnməkdir. Planetin varlığının sona çatmasına səbəb olan əsas amil isə kainatın özünün necə sona çatacağı ilə bağlı nəzəriyyələrdə gizlənir.
Şəbnəm Mehdizadə