- 11:49
Avstriyanın ən yüksək dağı olan Qrossqloknerdə donaraq həyatını itirən 33 yaşlı Kerstin G-nin sevgilisi onun ölümümnə səbəb olmaqda günahlandırılır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qadının sevgilisi Tomas P.-nin kobud səhlənkarlığı nəticəsində ölümlə üzləşdiyi iddia olunur. Hadisə 19 yanvar 2025-ci ildə baş verib.
Tomas P. kömək istəmək üçün zirvənin yaxınlığında yorğun sevgilisini fırtınalı havada müdafiəsiz qoymaqda ittiham olunur.
Bildirilir ki, Tomas P. tur bələdçisi olub, sevgilisindən daha təcrübəli alpinistdir və turu vaxtında ləğv etməyib, kömək çağırmaqda gecikib. İddialara görə, Tomas P. tur planlaşdırmasından tutmuş avadanlıq seçiminə qədər ümumilikdə 9 səhv edib.
İttihama görə, Tomas P. sevgilisinin bu çətin qış yoxuşuna qalxmaq üçün kifayət qədər təcrübəsi olmadığını bilə-bilə onu dırmanışa çıxmağa razı salıb. Yüksəkliyə dırmanma gec başlayıb, lazımi təcili yardım avadanlıqları təmin edilməyib və qadına yüksək hündürlükdə dırmanmağa yararsız snoubord çəkmələri geyinməyə icazə verilib.
Təqsirləndirilən şəxsin vəkili Karl Yelinek hadisənin faciəvi bir qəza olduğunu bildirərək, ittihamları rədd edib. Müdafiə tərəfi cütlüyün dırmanışı birlikdə planlaşdırdığını, hər ikisinin fiziki vəziyyətinin yaxşı olduğunu və avadanlıqların kifayət qədər olduğunu deyib.
Hadisə günü dağdakı küləyin sürəti saatda 74 kilometrə çatıb və temperatur -20 dərəcəyə düşüb. Müdafiə tərəfi bildirir ki, cütlük zirvəyə yaxınlaşana qədər özlərini yaxşı hiss edib, lakin qadın qəfildən yorğunluq əlamətləri göstərib. Dağdakı veb-kameralar tərəfindən çəkilən görüntülərdə cütlüyün fənərlərlə dırmanışı davam etdirdiyi görünür.
Təqsirləndirilən şəxs gecə saatlarında dağ polisinə zəng edib, amma söhbətin məzmunu məlum deyil. Polis iddia edir ki, Tomas P. telefonunu səssizləşdirib və sonrakı zənglərə cavab verməyib. Müdafiə tərəfi isə Tomas P.-nin zirvəni keçərək, kömək tapmaq üçün enməyə başladığını bildirir.
Kerstin G. donan temperaturda təkbaşına həyatını itirib. İddialara görə, Tomas P. sevgilisini qorumaq üçün istilik xilasetmə yorğanı kimi avadanlıqlardan istifadə etməyib.
Əgər Tomas P. günahkar bilinərsə, 3 ilə qədər həbs cəzası ilə üzləşə bilər. Bu iş, alpinizmdə şəxsi məsuliyyət və müşayiət vəzifələri ilə bağlı presedent yaradacaq.
Şəbnəm Mehdizadə