Dünyada aclıqdan əziyyət çəkənlərin sayı azalacaq


  • 12:05

Dünyada aclıqdan əziyyət çəkənlərin sayı 2030-cu ilə qədər azalaraq 512 milyon nəfər, yəni dünya əhalisinin 6%-i səviyyəsinə enəcək.

E-huquq.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Rusiya ilə əlaqələr üzrə bölməsinin məsləhətçisi İqor Şpakov “Qış taxıl konfransı”nda bildirib.

Onun sözlərinə görə, hazırda aclıqdan əziyyət çəkənlərin sayı 673 milyon nəfər, yəni ümumi əhalinin 8%-i təşkil edir.

Bildirilib ki, COVID böhranından sonra dünyada aclıq səviyyəsinin azaldığı müşahidə edilir.

“Ancaq aclığın azaldılması sürəti açıq şəkildə kifayət deyil. Davamlı İnkişaf Gündəliyi tərəfindən planlaşdırıldığı kimi, 2030-cu ilə qədər davamlı sıfır aclığa, əlbəttə ki, çatmayacağıq”, - Şpakov bildirib.

Onun sözlərinə görə, 1945-ci ildə - müvafiq statistikanın aparılmasına başlanıldığı vaxt - dünyada təxminən 1 milyard insan və ya Yer əhalisinin 43%-i aclıqdan əziyyət çəkirdi.

Hazırda isə daimi aclıq nöqtəsi Afrika olaraq qalır. Burada əhalinin 20%-dən çoxu, yəni təxminən 300 milyon insan aclıq çəkir. Eyni zamanda Qərbi Asiya ölkələrində (Suriya, Yəmən) də vəziyyət ağırdır – bu regionda əhalinin təxminən 13%-i aclıqdan əziyyət çəkir.

Ekspert qeyd edib ki, dünyada aclığın əsas səbəbləri yüksək ərzaq inflyasiyası və təbii fəlakətlər – quraqlıqlar, tropik siklonlar və daşqınlardır.

Şpakovun sözlərinə görə, son 30 il ərzində təbii fəlakətlər nəticəsində kənd təsərrüfatına dəyən zərər 3 trilyon dollardan çox olub.

Humay Eminqızı

Oxşar xəbərlər