- 17:12
Kanadada məktəblərdə dini simvollara qoyulan qadağaların əhatə dairəsini genişləndirən 94 saylı qanun layihəsi ciddi məşğulluq böhranına səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 2025-ci ilin oktyabr ayında qəbul edilən qanun, onlarla məktəb işçisinin işdən çıxarılması və ya istefaya məcbur olmasına gətirib çıxarıb.
Monreal Məktəb Direktorları Assosiasiyasının bəyanatına əsasən, qanun tam tətbiq olunduqdan sonra daha yüzlərlə işçi işini itirə bilər. Assosiasiyanın prezidenti Kathleen Legault vəziyyətin ciddiliyini vurğulayıb:
"Kadr çatışmazlığının ən yüksək həddə çatdığı bir vaxtda yüzlərlə işçidən bəhs edirik və onları əvəz edəcək heç kim yoxdur" - deyə o qeyd edib.
Əvvəlcə yalnız müəllimlər və direktorlar üçün tətbiq edilən dini simvollara qoyulan qadağa, 94 saylı qanunla məktəblərdə şagirdlərlə ünsiyyətdə olan bütün işçiləri əhatə edəcək şəkildə genişləndirilib. Bu dəyişiklik nəticəsində yeməkxana işçiləri, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri, bələdçilər və məktəb müfəttişləri də iş saatlarında dini simvollardan istifadə edə bilməyəcəklər. Qanuna əsasən işçilərə hicab, kipa, xaç və digər dini rəmzlərin taxılması qadağan edilib.
Qanun illərdir təhsil sistemində çalışan təcrübəli kadrların işdən çıxarılmasına səbəb olub.
Laurentians bölgəsindəki bir məktəbdə əlil uşaqlarla işləyən pedaqoq Mariem Gharnougui, hicabını çıxarmaqdan imtina etdiyi üçün fevral ayında işdən çıxarılanlardan biridir.
"Hicablı olduğum üçün işdən ayrılmaq məcburiyyətindəyəm. Kimliyim, dəyərlərim və karyeram arasında ilişib qalmışam" - deyə bildirib.
Qanun layihəsinin müəlliflərindən biri və hakim Koalisiya Avenir Quebec (CAQ) partiyasının təmsilçisi Bernard Drainville tənqidlərə sərt cavab verib.
"Onlar qanuna tabe olmamaq qərarına gəldilər, bu onların qərarıdır. Təəssüf ki, şəxsi seçimlərinin nəticələrinə görə məsuliyyət daşımalıdırlar" - deyə parlament üzvü bildirib.
Şəbnəm Mehdizadə