- 10:51
Finlandiyanın Laplandiya bölgəsində yay turizmini canlandırmaq məqsədilə maraqlı kampaniyaya start verilib.
E-hquuq.az xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiyanın şimalında yerləşən və qış xizək yamacları ilə məşhur olan Levi kurortunda təxminən 23 min dollar dəyərində qızıl külçə gizlədilib. İyunun 18-dən etibarən iştirakçılar kurortda qeydiyyatdan keçərək ilk ipucunu əldə edə biləcəklər. Daha sonra onlara yerli cığırlar və turistik məkanlar üzrə əlavə ipucları təqdim olunacaq.
Təşkilatçıların sözlərinə görə, qızıl külçə istənilən mərhələdə tapıla bilər. Yay boyunca paylaşılacaq yeni ipucları isə onun yerini daha da dəqiqləşdirəcək. Son ipucunun avqustun 22-də açıqlanacağı bildirilir.
Arktika Dairəsindən yuxarıda yerləşən Levi Finlandiyanın ən məşhur xizək kurortlarından biridir. Qış mövsümündən əlavə, burada yay aylarında yürüş, raftinq, yamac paraşütü və dağ velosipedi kimi fəaliyyətlər də təşkil olunur.
Xəzinə axtarışı Kittilada fəaliyyət göstərən Agnico Eagle Finland qızıl mədən şirkəti ilə Levi Ski Resort arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Təşkilatçılar bildiriblər ki, axtarış zamanı qazıntı aparılmayacaq və təbii mühitə zərər vurulmasına yol verilməyəcək. İştirakçılara yalnız icazə verilən ərazilərdə hərəkət etmək və ətraf mühitə hörmətlə yanaşmaq tövsiyə olunub.
Şəbnəm Mehdizadə