- 10:47
Masazırda qadın bacısının həyat yoldaşına xəsarət yetirib.
E-huquq.az-ın məlumatına görə, 2004-cü il təvəllüdlü Günel Məmmədova (şərti ad-soyad) Abşeron rayonu, Masazır kəndi ərazisində mülk üstündə yaranmış mübahisə zamanı bacısının həyat yoldaşına xəsarət yetirib.
Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə G.Məmmədova bildirib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi ev 26 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bacısı Lalə zərərçəkmiş Nicat ilə ailə həyatı quraraq rəsmi nikaha girib. Evləndikləri vaxtdan valideynləri yaşadıqları həyətdə Laləgil üçün ev tikib və həmin evdə yaşayıblar. Əvvəllər münasibətləri normal olsa da, sonradan ev və mülk məsələsi üstündə münasibətləri korlanıb. Anası vəfat etdiyi üçün anasından hazırda yaşadıqları evi ona və bacılarına qalıb. Həmin mülkdən 2 bacısına pay verilib, lakin o, və digər bacısı həmin evdə yaşayıblar. Lakin bacısı Lalə öz evi olmasına baxmayaraq onların yaşadığı evdə qalıb. Lalə öz evini satışa çıxarıb və həmin evi almaq üçün alıcılar gəlib. Lalə öz evini satarkən onlar yaşadıqları əraziyə müdaxilə etdiyi üçün o və bacısı Nigar Laləyə irad bildiriblər. Bu zaman Lalə onlarla mübahisə etməyə başlayıb, mübahisə zamanı Lalə ona qarşı nalayiq ifadələr işlətdiyi üçün o da Lalənin saçından tutaraq yerə yıxıb. Sonra Lalənin əri Nicat ona daş atmaq istədikdə digər bacıları araya girib və Nicata məne olublar. O isə yerdən beli götürüb Nicatın başına vuraraq xəsarət yetirib.
Daha sonra Lalə ona əl-qol atmağa başlayıb, bu səbəbdən də bacısı Nigar hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat verib
Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirməklə, barəsində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş edib.
Məhkəmənin qərarına əsasən, G.Məmmədova Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilib.
Şəbnəm Mehdizadə