BMT: "El Nino"nun güclü fazası yaxın həftələrdə başlayacaq


  • 12:03

Birləşmiş Millətlər Təşkilatı (BMT) El Nino iqlim fenomeninin yeni mərhələsinin yaxın həftələrdə başlaya biləcəyini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, bu proses qlobal miqyasda ekstremal hava şəraitinə səbəb ola bilər. Proqnozlar göstərir ki, yeni El Nino tarixin ən güclü hadisələrindən birinə, yəni "super" El Ninoya çevriləcək.

Qeyd edək ki, El Nino Sakit Okeanın tropik zonasında isti suların yayılması ilə yaranır və külək istiqamətlərinin dəyişməsi ilə əlaqədardır. İki dərəcədən çox temperatur artımı çox güclü və ya super El Nino hesab olunur. 1950-ci ildən bu yana yalnız bir neçə belə hadisə qeydə alınıb. Yeni proqnozlar göstərir ki, bu dəfəki El Nino keçmiş rekordları aşa bilər.

Peyklər və okean müşahidələri isti suların Sakit Okean boyunca şərqə doğru hərəkət etdiyini, bəzi yerlərdə temperaturun orta hesabla 6 dərəcə yüksəldiyini göstərir. Güclü El Nino Cənubi Amerika, Cənub-Şərqi Asiya və Avstraliyanın bəzi bölgələrində isti və quru havaya səbəb ola bilər, bu isə quraqlıq və meşə yanğınları riskini artırır.

Həmçinin Hindistan mussonunu zəiflədə, Afrika Buynuzunda quraqlığa, ABŞ-nin cənubunda isə güclü yağışlara və daşqınlara yol aça bilər.

Keçmiş El Nino hadisələri qlobal ərzaq qiymətlərinin artmasına və kənd təsərrüfatı, tədarük zənciri və iqtisadiyyatlarda ciddi itkilərə səbəb olub. BMT-nin Baş Katibi Antonio Quterreş də bununla bağlı xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər