- 12:12
Nepalın Çin sərhədi yaxınlığında yerləşən Rasuva rayonunda baş verən daşqınlar nəticəsində su-elektrik stansiyasının tunelində köməksiz vəziyyətdə qalan iki fəhlə 9 gündən sonra xilas edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nepal parlamentinin üzvü Şri Ram Neupane sosial media hesabında daşqından zərər çəkmiş ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı barədə məlumat paylaşıb.
Onun sözlərinə görə, avqustun 26-dan etibarən tuneldə köməksiz vəziyyətdə qalan iki işçi xilas edilib. Fəhlələr tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Nepalın Rabitə naziri Bikram Timilsina tuneldə qalan digər işçilərin də xilas ediləcəyinə ümid etdiyini bildirib.
Müstəqil Enerji İstehsalçıları Assosiasiyasının məlumatına görə, xilasetmə əməliyyatının aparıldığı, “Trishuli 3A” Su Elektrik Stansiyası layihəsinin bir hissəsi olan tuneldə təxminən 115 işçi köməksiz vəziyyətdə qalıb.
Xatırladaq ki, avqustun 26-da Rasuva rayonunda baş verən daşqınlar nəticəsində onlarla körpü dağılıb, yollar ciddi ziyan görüb. Ərazidəki çətin vəziyyət səbəbindən axtarış-xilasetmə işlərinə helikopterlər də cəlb olunub.
Daşqınlar nəticəsində indiyədək 1254 nəfərin həyatını itirdiyi, 4000-dən çox şəxsin isə itkin düşdüyü bildirilir. İtkinlərin axtarışı və xilasetmə əməliyyatları davam etdirilir.
ABŞ Geoloji Xidməti əvvəlcə bölgədə daşqından əvvəl zəlzələ baş verdiyini açıqlasa da, sonradan məlumatını yeniləyib. Qurum maqnitudası 5,2 olan seysmik hadisənin əslində buzlaq uçqunu nəticəsində baş verdiyini bildirib.
Şəbnəm Mehdizadə