- 15:47
"Almaniya yenidən müharibə istəyir".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov Almaniyanın ötən həftə Leypsiq-Halle hava limanında pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasını əsas gətirərək Rusiyaya qarşı bir sıra tədbirlər gördüyünü bildirib. Onun sözlərinə görə, həmin tədbirlər çərçivəsində Rusiyanın Bonndakı Baş Konsulluğunun bağlanması və Berlindəki "Rusiya Evi" ilə bağlı müqaviləyə xitam verilməsi nəzərdə tutulub.
Rusiya XİN rəhbəri Almaniyanın insidentlə bağlı mövqeyini tənqid edib: "Onlar bir PUA tapdılar və onun Rusiyaya məxsus olduğunu iddia etdilər. Heç kim faktları araşdırmadı. Bu, əslində, əsl müharibənin başlanğıcıdır. Xatırlayıram ki, almanlar İkinci Dünya Müharibəsindən əvvəl də öz diplomatik nümayəndəliklərini bağlamışdılar. Bu, qətiyyən yolverilməzdir. Onlar yenidən müharibə istəyirlər".
Lavrov Almaniyanın öz tarixindən nəticə çıxarmadığını da vurğulayıb.
Qeyd edək ki, avqustun 4-də Almaniyanın Leypsiq-Halle hava limanında Ukraynaya məxsus nəqliyyat təyyarəsinin yaxınlığında içərisində partlayıcı qurğu ola biləcəyi ehtimal edilən dron aşkarlanıb.
ABŞ kəşfiyyatının məlumatına görə, partlayıcı daşıdığı bildirilən dronun xüsusiyyətləri Rusiya hərbi kəşfiyyatına xas əlamətlərlə üst-üstə düşüb.
Sentyabrın 1-də Almaniya hökuməti insidentlə bağlı araşdırmanın nəticələrinə əsasən Rusiyanı məsul tutduğunu açıqlayıb və bir sıra tədbirlər elan edib.
Şəbnəm Mehdizadə