- 15:28
Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd Bruno Retailleau seçkilərdə qalib gələcəyi təqdirdə universitetlərdə hicab taxılmasını qadağan edəcəyini açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş daxili işlər naziri Bruno Retailleau BFMTV telekanalına müsahibəsində prezident seçkiləri ilə bağlı vədlərini açıqlayıb.
O bildirib ki, prezident seçiləcəyi təqdirdə idman fəaliyyətləri, məktəb ekskursiyaları və universitetlərdə hicab qadağası tətbiq edəcək.
Retailleau həmçinin ölkədə Müsəlman Qardaşları təşkilatı ilə əlaqəli qurumların ləğv ediləcəyini vəd edib.
Siyasətçi ictimai yerlərdə hicab qadağasının praktiki baxımdan tətbiqinin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri hicab taxan qadınlar arasında bunun ideoloji səbəblərlə, yaxud xərçəng kimi sağlamlıq problemləri ilə əlaqədar olduğunu asanlıqla müəyyən edə bilməz.
Retailleau miqrasiyanın azaldılmasının da prioritetlərindən biri olacağını deyib. O, prezident seçiləcəyi təqdirdə Fransanın "yəhudi-xristian köklərinə" malik olduğunun Konstitusiyada təsbit edilməsini təklif edib.
Mərkəzçi Rönesans Partiyasının prezidentliyə namizədi, keçmiş baş nazir Gabriel Attal isə eyni telekanala açıqlamasında ictimai yerlərdə hicabın qadağan edilməsinə qarşı olduğunu bildirib.
Attal Fransada bütün qadınların hicab məsələsində seçim etmək hüququnun olmasını istədiyini vurğulayıb.
Qeyd edək ki, 2023-2024-cü illərdə Fransanın təhsil naziri vəzifəsini icra edən Attal 2023-cü ildə məktəblərdə "abaya" adlandırılan uzun geyimlərin istifadəsinə qadağa qoymuşdu.
Şəbnəm Mehdizadə