Fransada etirazlar böyüyür: 250 mindən çox insan küçələrə çıxdı


  • 11:49

Fransada uzun illərdir davam edən müəllim çatışmazlığı, məktəb infrastrukturunun vəziyyəti və təhsil şəraitindən narazılıq şagirdlərin rəhbərlik etdiyi etirazların ölkə üzrə genişlənməsinə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın ortalarında Parisdə yerləşən bir orta məktəbdə başlayan etirazlar qısa müddətdə ölkə miqyasına yayılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, çərşənbə axşamı keçirilən aksiyalarda ölkə üzrə 250 mindən çox insan iştirak edib. Təşkilatçılar isə iştirakçıların sayının 450 minə çatdığını bildiriblər. Etirazlar prezidentlik müddətinin başa çatmasına yaxınlaşan Emmanuel Makron hökuməti üçün yeni sınaq yaradıb. Baş nazir Sebastyan Lekornu böhranla bağlı ayın sonuna qədər yeni tədbirlərin açıqlanacağını bildirib.

Şagirdlərin problemlərini və tələblərini ifadə etməsi üçün yaradılan onlayn platformaya qısa müddət ərzində 40 mindən çox müraciət daxil olub. Şagirdlər istilik izolyasiyası olmayan, zərərvericilərin yayıldığı və infrastrukturu yararsız vəziyyətdə olan məktəb binalarında təhsil almağa etiraz edirlər. Həmkarlar ittifaqlarının məlumatına görə, ölkə üzrə məktəblərin yarıdan çoxu kadr çatışmazlığı ilə üzləşib. Müəllim çatışmazlığı səbəbindən yüzlərlə saat dərsin keçirilmədiyi, bəzi siniflərdə isə şagird sayının 30 nəfərə çatdığı bildirilir.

Şagirdlər və valideynlər hökumətin təhsil sisteminə əlavə olaraq ayırdığı 1,2 milyard avronun mövcud problemlərin həlli üçün, xüsusilə inflyasiya şəraitində, kifayət etmədiyini düşünürlər. Əhalinin artım tempinə uyğunlaşa bilməyən təhsil sistemində müəllimlərin əməkhaqlarının minimum əməkhaqqı səviyyəsinə yaxınlaşması da peşəyə marağın azalmasının səbəblərindən biri kimi göstərilir. Etirazçılar ölkənin ən sıx məskunlaşmış regionlarından biri olan İl-de-Fransda təhsilə ayrılan vəsaitin yetərli olmadığını bildirərək müəllim və tibb işçilərinin təcili işə qəbul edilməsini, məktəb binalarının isə dərhal təmir olunmasını tələb edirlər.

Etirazların səbəbləri arasında universitetlərə qəbul sistemi olan “Parcoursup”un fəaliyyətində şəffaflığın olmaması və məktəblərdə dərs saatlarının uzunluğu da yer alır. Şagirdlər səhər saat 08:30-dan axşam 18:00-dək davam edən tədris qrafikinin onların üzərində əlavə yük yaratdığını bildirirlər. Ötən aydan etibarən yüzlərlə məktəbin blokadaya alındığı nümayişlər zamanı zorakılıq halları da qeydə alınıb. Polis müdaxilələri zamanı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilməsi nəticəsində 200-dən çox insanın xəsarət aldığı bildirilir. "Amnesty International" təşkilatı bir gəncin gözünü itirməsi və 15 yaşlı uşağın əlinin amputasiya olunması ilə nəticələnən hadisələrdən sonra polisin gücdən qeyri-mütənasib istifadə etməsini tənqid edib.

Polisin hərəkətləri ilə bağlı 18 inzibati araşdırma başladılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə bazar günü 24 məktəb yandırılıb. Təhsil naziri Eduard Jeffre isə iğtişaşlar zamanı 5 mindən çox şəxsin saxlanıldığını bildirib. Etirazçıların böyük əksəriyyətinin 18 yaşdan aşağı olduğu bildirilir. Bununla yanaşı, valideynlərin, müəllimlərin və fəalların dəstəyi nümayişlərin miqyasının daha da genişlənməsinə səbəb olur. Fransa rəsmiləri gənclərin rəhbərlik etdiyi etirazların son on ildə Emmanuel Makron administrasiyasına qarşı formalaşmış narazılıqla birləşərək daha genişmiqyaslı sosial böhrana çevrilə biləcəyindən ehtiyat edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər