Alimlər ilk işlək nüvə saatlarını yaradıb


  • 14:11

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsiri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar.

E-huquq.az xarici kKİV-ə istinadən xəbər verir ki, yeni texnologiyanın gələcəkdə atom saatlarından daha yüksək dəqiqlik təmin edə biləcəyi və fundamental fizika sahəsində mühüm kəşflərə yol aça biləcəyi bildirilir. Atom saatları elektronların enerji səviyyələri arasındakı keçidləri ölçməklə işləyir və 70 ildən artıqdır istifadə olunur. Yeni nüvə saatları isə atom nüvəsindəki enerji keçidlərini izləyir. Nüvələrin atomlardan təxminən 100 min dəfə kiçik olması onları xarici elektrik sahələrinin təsirinə daha davamlı edir. Bu xüsusiyyət nüvə saatlarının daha stabil və dəqiq işləməsinə imkan verə bilər.

Tədqiqatçılar yeni texnologiyanın kainatın böyük hissəsini təşkil etdiyi düşünülən qaranlıq maddənin araşdırılmasında da istifadə oluna biləcəyini bildirirlər. Nüvə saatları həmçinin fizikanın fundamental qanunlarının daha dəqiq sınaqdan keçirilməsinə imkan verə bilər. Araşdırma 2003-cü ildə irəli sürülən və torium-229 nüvəsinin yüksək dəqiqlikli saat üçün uyğun namizəd olduğunu göstərən nəzəri təklifə əsaslanır. Hazırda nüvə saatları ən dəqiq atom saatlarının sabitliyinə çatmayıb. Bununla belə, alimlər daha güclü lazerlərdən istifadə etməklə bu məhdudiyyətlərin aradan qaldırıla biləcəyini düşünürlər.

Tədqiqatın nəticələri Nature jurnalında dərc olunan iki ayrı məqalədə təqdim edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər