İtaliyanın paytaxtı Romada məşhur Trevi fəvvarəsinə giriş üçün 2 avroluq ödənişin tətbiqi turistlərin suya sikkə atmaq ənənəsinə mənfi təsir göstərib.
E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ilin ilk doqquz ayında fəvvarədən toplanan ianələr ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 200 min avro azalıb.
“The Guardian” qəzetinin məlumatına görə, fəvvarədən toplanan sikkələr Katolik Kilsəsi ilə əlaqəli “Caritas” xeyriyyə təşkilatına təhvil verilir və sosial layihələrin maliyyələşdirilməsinə yönəldilir. Təşkilatın Romadakı direktoru Cüstino Trinça fəvvarə hovuzuna girişin məhdudlaşdırılmasının ianələrin azalmasına səbəb olduğunu bildirib. Bununla belə, “Caritas Roma” nümayəndələri budəfəki hesablamalara xarici valyutaların hələ daxil edilmədiyini və real azalmanın daha kiçik ola biləcəyini də qeyd ediblər.
Fevral ayında qüvvəyə minən qaydalara əsasən, gündüz saatlarında fəvvarənin hovuz hissəsinə yalnız Roma sakinləri və 2 avro ödəyən turistlər buraxılır. Bələdiyyə bu addımı tarixi məkanda sıxlığı azaltmaq və abidələrin təmirinə vəsait toplamaq məqsədilə atıb. Yeni qayda tətbiq olunan ilk ayda bələdiyyə giriş haqlarından 435 194 avro gəlir əldə edib.
Turistlər isə giriş ödənişinin sikkə atmaq həvəsini azaltdığını deyirlər. Bəzi ziyarətçilər fəvvarəyə yaxınlaşmaq üçün əlavə pul ödəmək istəmədiklərini, ödəniş edənlərin bir qismi isə ətrafda sikkə atan başqa turistləri görmədikləri üçün bu ənənədən imtina etdiklərini bildiriblər.
Şəbnəm Mehdizadə
