- 15:44
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, 5-19 yaşlı uşaqlar və yeniyetmələr arasında piylənmənin yayılma səviyyəsi 1990-cı ildən bəri dörd dəfə artaraq 8 faizə çatıb.
E-huquq.az xəbər verir ki, hesabata əsasən, 2024-cü ildə dünyada 5-19 yaş arasında təxminən 170 milyon uşaq və yeniyetmə piylənmədən əziyyət çəkib. Onlardan 70 milyonu 5-9 yaşlı uşaqlar, 100 milyonu isə 10–19 yaşlı yeniyetmələrdir.
ÜST bildirir ki, uşaqlıq və yeniyetməlik dövründə piylənmə 2-ci tip diabet və ürək-damar xəstəlikləri də daxil olmaqla bir sıra xroniki xəstəliklərin riskini artırır. Bu səbəbdən təşkilat sağlam qidalanma, fiziki aktivlik və davranış dəyişikliklərini əhatə edən kompleks müdaxilələri tövsiyə edir.
Hesabatda həmçinin piylənmə ilə yaşayan uşaqların ayrı-seçkilik və zorakılıqla yanaşı, narahatlıq, depressiya və aşağı özünəhörmət kimi psixoloji problemlərlə üzləşə biləcəyi vurğulanır.
ÜST 0-9 yaşlı uşaqlarda piylənmənin müalicəsi üçün dərman, bariatrik cərrahiyyə və arıqlama cihazlarını tövsiyə etmir. 10-19 yaşlı yeniyetmələrdə dərman müalicəsi isə yalnız nəzarətli, çoxşaxəli həyat tərzi proqramı gözlənilən nəticəni vermədikdə nəzərdən keçirilə bilər.
Şəbnəm Mehdizadə