Erkən yaşda smartfon istifadəsi qidalanma pozuntusu riskini artırır


  • 15:33

ABŞ-də təxminən 9 min yeniyetmənin iştirakı ilə aparılan araşdırma 12 yaşında smartfona sahib olmağın sonrakı illərdə qidalanma pozuntusu əlamətlərinin yaranması ilə əlaqəli olduğunu göstərib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya Universitetinin (UCSF) alimlərinin araşdırmasına görə, 12 yaşında smartfonu olan uşaqlarda qidalanma pozuntusu əlamətlərinə rast gəlinmə ehtimalı 36 faiz, həddindən artıq yemə simptomları isə 61 faiz daha yüksək olub.

Tədqiqatda iştirak edən uşaqların təxminən 70 faizi 12 yaşında smartfona sahib olub. Araşdırmaya əsasən, smartfon istifadəsinə həmin yaşda başlayan uşaqlarda 14 yaşına çatdıqda qidalanma pozuntusu əlamətlərinin yaranma riski smartfonu olmayan həmyaşıdları ilə müqayisədə 49 faiz yüksək olub. Bədən çəkisini öz dəyərinin göstəricisi hesab etmə ehtimalı isə 103 faiz daha çox olub.

Nəticələri "JAMA Network Open" jurnalında dərc edilən araşdırma smartfonların birbaşa qidalanma pozuntusuna səbəb olduğunu sübut etmir. Tədqiqatçılar hesab edirlər ki, erkən yaşda smartfon və sosial mediaya nəzarətsiz çıxış bədən görünüşündən narazılığı artıra və sağlam olmayan qidalanma davranışlarına təsir göstərə bilər.

Mütəxəssislər valideynlərə uşaqların smartfon və sosial media istifadəsinə diqqət yetirməyi, həkimlərə isə qidalanma pozuntularını qiymətləndirərkən rəqəmsal cihazlardan istifadə barədə də soruşmağı tövsiyə edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər