- 17:25
Türkiyənin İstanbul şəhərində bir xəstə cəmi bir il ərzində 337 dəfə xəstəxanaya müraciət edib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xroniki ağciyər xəstəliyindən əziyyət çəkən şəxsin nəfəs darlığı ilə bağlı qorxu və təşvişini idarə edə bilməməsi onu dəfələrlə təcili tibbi yardıma üz tutmağa vadar edib.
İstanbul Sağlamlıq İdarəsinin rəhbəri Abdullah Emre Güner şəhərdə sağlamlıq problemləri və xəstəliklərlə bağlı narahatlıqlar səbəbindən xəstəxanalara tez-tez müraciət edən pasiyentlərlə qarşılaşdıqlarını bildirib. Onun sözlərinə görə, İstanbulda bu ilin ilk 8 ayı ərzində 148 milyon tibbi müayinə həyata keçirilib. Güner vətəndaşların xəstəliklər yaranmadan əvvəl profilaktik tibbi xidmətlərdən yararlanmasının və səhiyyə sisteminin bütün pillələrindən düzgün istifadə etməsinin vacibliyini vurğulayıb.
Günerin açıqlamasına görə, Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasına bir il ərzində 316 dəfə müraciət edən qadınla bağlı vəziyyət də araşdırılıb.
Həkimlər, psixoloqlar və psixiatrlar qadınla görüşərək onun tez-tez xəstəxanaya gəlməsinin səbəblərini müəyyənləşdirməyə çalışıblar. Məlum olub ki, qadın keçirdiyi təşviş səbəbindən yüksək qan təzyiqi ilə bağlı qorxu yaşayır və təcili yardım şöbəsində sistem köçürülməsi ilə vəziyyətinin düzələcəyinə inanır. Mütəxəssislərin dəstəyi nəticəsində qadının xəstəxanaya müraciətlərinin sayı azaldılıb. Güner bildirib ki, əvvəl tez-tez xəstəxanaya gələn qadının müraciətləri sonradan ayda bir, hətta iki ayda bir dəfəyə qədər enib.
İstanbul Sağlamlıq İdarəsinin rəhbəri ehtiyac olmadığı halda xəstəxanalara tez-tez müraciət edilməsinin həqiqətən tibbi yardıma ehtiyacı olan insanların xidmətlərə çıxışını çətinləşdirə biləcəyini vurğulayıb.
Güner ailə həkimlərinin bu məsələdə mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, ailə həkimləri pasiyentləri tanıyır, onların əvvəlki xəstəlikləri və risk faktorları barədə məlumatlı olur, zərurət yarandıqda isə müvafiq mütəxəssislərə yönləndirmə edirlər.
O, sağlamlığını itirmək qorxusu və müxtəlif narahatlıqlar yaşayan vətəndaşlara ilk növbədə ailə həkimlərinə müraciət etməyi tövsiyə edib.
Güner əlavə edib ki, Türkiyənin səhiyyə naziri Kemal Memişoğlunun “Qoruyan, İstehsal edən və İnkişaf etdirən Səhiyyə Modeli” çərçivəsində tibbi xidmətlərdən daha səmərəli istifadə olunması hədəflənir.
Şəbnəm Mehdizadə