Məzmuna keç

Türkiyədə tarixi qazıntılar zamanı 18 qəbir üzə çıxarılıb

Türkiyənin Ərzincan vilayətinin Kəmah rayonunda həyata keçirilən “Tarixi Ərzincan Arxeoparkı” layihəsi çərçivəsində aparılan arxeoloji qazıntılar zamanı 18 qəbir aşkar edilib. Onlardan ikisinin mumiyalanmış olduğu müəyyənləşdirilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tapıntıların Məngücəklilər sülaləsinin tarixinə işıq salacağı, həmçinin Ərzincanın tarixi və mədəni irsinin öyrənilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Professor Abdulkadir Gül aparılan işlərlə bağlı açıqlamasında bildirib ki, Behramşah Zaviyəsində aşkarlanan qəbirlərlə yanaşı, Sancaktar türbəsi və Akıt qəbir ətrafında da tarixi əhəmiyyət daşıyan tapıntılar əldə olunub.

O, Kəmah Sultan Məlik türbəsi və ətraf ərazilərdə bərpa işlərinin davam etdiyini bildirib. Onun sözlərinə görə, 2027-ci ildə Əski Ərzincan ərazisində arxeoloji qazıntıların sürətləndirilməsi planlaşdırılır.

Tarixi tikililərin qorunması, bərpa edilərək açıq səma altında muzey konsepsiyası ilə ziyarətçilərə təqdim olunmasını nəzərdə tutan layihənin əsas məqsədlərindən biri də Ərzincanın mədəni turizm potensialını artırmaqdır.

Professorun bildirdiyinə görə, layihə başa çatdıqdan sonra bölgəyə hazırkı turist axınına əlavə olaraq, hər il təxminən 1,5 milyon ziyarətçinin cəlb olunacağı proqnozlaşdırılır.

Şəbnəm Mehdizadə