Türkiyənin Trabzon şəhərində axşam saatlarında şiddətlənən leysan yağışları ciddi fəsadlara yol açıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sürmene rayonunda Zarha çayının məcrasından çıxması nəticəsində evləri su basıb, bir sıra avtomobil yolları bağlanıb.
Çayın daşması səbəbindən ətrafdakı evlərin və ticarət obyektlərinin birinci və zirzəmi mərtəbələri su altında qalıb. Ortahisar rayonunda isə yaşayış binasının həyətindəki istinad divarı uçub və nəticədə dayanacaqda olan beş avtomobilə ziyan dəyib. Hadisə yerinə polis, yanğınsöndürmə və AFAD qrupları cəlb edilib.
Güclü yağışların yaratdığı torpaq sürüşmələri yol infrastrukturuna da zərər vurub. Belə ki, Trabzon-Gümüşhane şosesində baş verən sürüşmə “Şehit Eren Bülbül” tunelinin çıxışını bağlayıb. Hazırda ərazidə təmizləmə işləri davam edir. Eyni zamanda, Çarşıbaşı rayonunda torpaq sürüşməsi 6 məhəlləyə gedən yolu kəsib, sahilboyu binaların birinci mərtəbələrini su basıb.
Bundan başqa, şəhərin bir çox küçə və prospektlərində, eləcə də avtovağzal, hava limanı qovşağı, Akçaabat, Yomra və Arsin rayonları arasındakı yollarda su gölməçələri yaranıb, kanalizasiya quyuları daşıb.
Trabzon Valiliyinin yaydığı məlumata görə, daxil olan 80 müraciətin hər biri üzrə tədbir görülür. Böyükşəhər və rayon bələdiyyələri, AFAD, Polis, Jandarma və digər aidiyyəti qurumların ümumilikdə 801 əməkdaşı, 535 texnikası və 100 motorlu su nasosu fasiləsiz olaraq fəsadların aradan qaldırılmasına cəlb olunub. Bölgədə güclü yağışlar hələ də davam edir.
Şəbnəm Mehdizadə
