Ukrayna MN: "Rusların artan hücumları əks-hücum planlarımıza təsir edə bilməz"


  • 3 İyun 2023 18:02

"Son həftələrdə Rusiyanın raket və PUA hücumlarının misli görünməmiş dalğasına baxmayaraq, Ukraynanın əks-hücum planları qüvvədə qalır".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov deyib.

Ukrayna rəsmisi qeyd edib ki, qanadlı raket hücumları ilə yanaşı, may ayında şəhərlərə, xüsusən Kiyevə ballistik raket zərbələri endirilib.

"Onların əsas məqsədi əks-hücumu dayandırmaq və qərar qəbuletmə mərkəzlərimizi vurmaqdır", - Qavrilov bildirib.

Müdafiə nazirinin müavini Rusiyanın may ayında ballistik raketlərdən ağır şəkildə istifadə etməsini “son strateji variant” adlandırıb və Ukraynanın hava hücumundan müdafiə sistemlərinin bu hücumlara 90% effektiv cavab verdiyini deyib.

Qavrilovun sözlərinə görə, Rusiyanın raket hücumları çoxdan gözlənilən əks-hücumun vaxtına təsir etməyib: "Bizim səylərimizi, istəyimizi və bu müharibədə qalib gələcəyimizə inamımızı heç nə dayandıra bilməz. Ukrayna bu il ərazilərimizi azad etmək niyyətində olan əks-hücum əməliyyatına başlayacaq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər