Məzmuna keç

Hərbi Administrasiya: “Xerson vilayətinin su basmış ərazilərindən 1700 nəfər təxliyə edilib”

"Kaxovska su elektrik stansiyasının partlaması nəticəsində Xerson vilayətinin su basmış rayonlarından 1700 nəfər təxliyə edilib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xerson Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib.

"Əhalinin təxliyyəsi davam edir. Vəziyyət nəzarətdədir. Saat 13.00-a olan məlumata görə, 1700 nəfər təxliyə edilib", – Prokudin bildirib.

Onun sözlərinə görə, işğalçılar yaşayış məntəqələrini atəşə tutmaqda davam edir, təxliyə olunan insanları və onlara kömək edənləri təhlükəyə atırlar.

Eyni zamanda, Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, ümumilikdə 29 yaşayış məntəqəsi faktiki olaraq su altında qalıb, onlardan 19-u Ukraynanın nəzarətində olan ərazidə, 10-u isə müvəqqəti işğal altındadır.

"Rayonda 1600-ə yaxın xilasedici və polis əməkdaşı, 300-ə yaxın xüsusi texnika işləyir. Lazım gələrsə, yardım məntəqələrinin sayı da artırılacaq", – nazir qeyd edib.

Şəbnəm Mehdizadə