Məzmuna keç

BMT-dən Suriya böhranı ilə bağlı xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və İnkişaf Proqramı (UNDP) Suriya müharibəsinin insanlara təsirinin astronomik həddə çatdığını açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin 3 təşkilatının Suriya ilə bağlı keçirilən 7-ci Brüssel Konfransı çərçivəsində yaydığı bəyanatda bildirilib.

Suriyadakı müharibənin İkinci Dünya Müharibəsi ilə müqayisədə iki dəfə uzun çəkdiyi qeyd edilib.

Bəyanatda ölkədə 15 milyondan çox insanın humanitar yardıma və müdafiəyə ehtiyacı olduğu, 13 milyon insanın isə məcburi köçkün vəziyyətinə düşdüyü bildirilib. Türkiyə, Misir, İraq, İordaniya və Livanda 13,5 milyon insanın uzunmüddətli dəstəyə ehtiyacı olduğu vurğulanıb.

Müharibənin hər 4 suriyalı uşaqdan 1-nin inkişafına mənfi təsir etdiyi qeyd olunub və beynəlxalq ictimaiyyətin maddi dəstəyinə ciddi ehtiyac olduğu barədə xəbərdarlıq edilib.

Bəyanatda Suriya üçün açıqlanan yardım planlarının yetərincə maliyyələşdirilmədiyi diqqətə çatdırılıb.

"Qlobal iqtisadi təzyiqlərin təsirinə baxmayaraq, Misir, İordaniya, İraq, Livan və Türkiyə beynəlxalq ictimaiyyət adına böyük bir yük götürüblər", – deyə qeyd olunub.

Bölgədəki ehtiyacları qarşılamaq üçün hər kəsin addım atmalı olduğu bildirilib: "Beləliklə, Suriya və ev sahibi ölkələrə daha çox dəstək verə bilərik".

Şəbnəm Mehdizadə