Meksikanın Sonora əyalətində insan qaçaqmalçıları tərəfindən aldadılan 130 qeyri-qanuni miqrant xilas edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Meksika mətbuatında yer alan xəbərdə bildirilir.
Polis Sonora əyalətində qanunsuz miqrantlarla dolu 4 avtobusu saxlayıb. Araşdırmalar nəticəsində 20-si uşaq olmaqla 130 qeyri-qanuni miqrant müəyyən edilib.
Əfqanıstan, Burkina Faso, Çin, Ekvador, Misir, Qvineya, Qana, Hindistan, Mavritaniya, Mozambik, Nepal, Pakistan, Seneqal və Toqodan olan qeyri-qanuni miqrantlar Sonoradakı Milli Miqrasiya İnstitutuna aparılıb.
2022-ci ilin statistikasına görə, 2000-dən çox miqrant aldadılaraq narkotacirlərə təhvil verilib. Ötən il keçirilən əməliyyatlarda 2115 miqrant xilas edilib.
Rəsmi məlumatlara görə, gündə 200-300 nəfər qeyri-qanuni yollarla Meksikaya daxil olur.
Şəbnəm Mehdizadə
