"Rusiyada yaşanan son hadisələr Rusiya-Ukrayna müharibəsinin gedişinə birbaşa təsir edəcək".
Bu sözləri e-huquq.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söyləyib.
Politoloq qeyd edib ki, Rusiyada hazırda ciddi siyasi böhran yaşanır: "Hər bir dövlətin bir ordusu olmalıdır. Lakin Rusiyada müxtəlif qüvvələr və hərbi birləşmələr ordular yaradıb. İndiki halda hakimiyyət naminə siyasi mübarizə kəskinləşir. Çünki hamı başa düşür ki, Putinin Ukraynaya qarşı apardığı müharibə Rusiyanı səfalətə sürükləyir. Bu mənada düşünürəm ki, belə hadisələr Rusiyada yenə təkrarlanacaq. Siyasi qarşıdurmalar hətta daha kəskin forma ala bilər. Hakimiyyət uğrunda qarşıdurmanın əsas şərtlərindən biri də xaricdən dəstəkdir. Priqojin barəsində konkret nəsə demək olmaz. Çünki detallı faktlar hələ yoxdur. Amma istər-istəməz qarşıdurmanın qanunlarına uyğun olaraq xarici dəstək mütləq olmalıdır. Məncə, bu özünü büruzə verəcək".
T.Zülfqarov "Vaqner" qiyamının Rusiya-Ukrayna müharibəsinə birbaşa təsir edəcəyini də vurğulayıb: “Çünki bu qiyam məhz müharibənin fonunda baş verib. Artıq siyasi gündəmdə Rusiyanın müharibədə məğlub olacağına dair müzakirələr var. Belə demək olarsa, Rusiyanın siyasi gündəmində məğlubiyyət öz yerini tapıb".
Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib. Şirkətin bölmələri artıq Rostovu tərk edib.
Şəbnəm Mehdizadə
