Ötən ay Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölən 293 nəfərdən 52-nin şəxsiyyəti hələ də məlum deyil.
E-huquq.az BBC-yə istinadən xəbər verir ki, ölkə tarixində ən dəhşətli qəzalardan biri kimi qeydə alınan hadisədə həyatını itirən 52 nəfərin cəsədi Hindistan Tibb Elmləri İnstitutunun (AIIMS) meyitxanasında saxlanılır.
Qəza yerində təmizlik işlərinin başa çatmasına baxmayaraq, bəzi meyitlərin tanınmaz vəziyyətdə olması ölənlərin şəxsiyyətini müəyyənləşdirmək prosesini çətinləşdirir.
Faciə qurbanlarının yaxınları isə həyəcanla gözləməyə davam edir.Onlar DNT testinin nəticəsinin nə vaxt açıqlanacağının məlum olmadığını deyirlər.
Ötən həftə şəxsiyyəti müəyyən edilən 29 cəsədin ailələrinə təhvil verilməsinə başlanıb. Rəsmilər cəsədlərin səhv ailələrə verilməməsi üçün işlərin diqqətlə aparıldığını açıqlayıb.
Qeyd edək ki, iyunun 2-də qatarların toqquşması nəticəsində 293 nəfər ölüb, 1000-dən çox insan yaralanıb.
Şəbnəm Mehdizadə
