Məzmuna keç

İngiltərədə 7 körpənin ölümündə ittiham olunan tibb bacısı ömürlük həbs cəzasına məhkum edildi

İngiltərənin Çester şəhərində 7 körpənin ölümündə təqsirləndirilən tibb bacısı Lusi Letbi ömürlük həbs cəzasına məhkum edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə Mançesterdə keçirilən məhkəmə prosesində tibb bacısına hökm oxunub. Hakim Ceyms Qoss məhkəmədə çıxışında deyib ki, tibb bacısı 2015-ci ilin iyunundan 2016-cı ilin iyununa qədər 7 körpəni öldürüb, daha 6 körpəni isə öldürməyə cəhd edib.

Qeyd edək ki, Lusi Letbi 2018-ci ildə Çester şəhərindəki xəstəxanada səbəbsiz körpə ölümlərinin artmasından sonra başladılan istintaq çərçivəsində 3 dəfə saxlanılaraq sorğu-sual edilib. İstintaq çərçivəsində ölən və ya müdaxilələrlə xilas edilən bütün körpələrin onun nəzarətində olduğu ortaya çıxıb.

Qətl və adam öldürməyə cəhd kimi 22 cinayətlə bağlı iddiaları qəbul etməyən Letbi, ölümlərdə xəstəxana şəraitini günahlandırıb.

Lakin Letbi və ailəsinin evlərində aparılan axtarışlarda ölən körpələrlə bağlı xəstəxanada saxlanması lazım olan sənədlər və Letbinin qeydləri ələ keçirilib. Bu qeydlərdə Letbinin "Mənsiz dünya daha gözəldir. Mən şeytanam” yazdığı ortaya çıxıb.

Hakim tibb bacısının işlədiyi bu cinayətin insanların səhiyyə müəssisəsinə olan inamını da zədələdiyini bildirib.

Şəbnəm Mehdizadə