Liviyanın Suse şəhərində daşqınlar nəticəsində 50 ailə itkin düşüb.
E-huquq.az Liviya mətbuatına istinadən xəbər verir ki, bu barədə Suse şəhərinin meri Vail Berik açıqlama verib.
Onun sözlərinə görə, şəhərdəki qəsəbələrdən biri tamamilə su altında qalıb. Mer sağ qalanların ola biləcəyi ümidi ilə axtarış-xilasetmə qruplarının qəsəbəni bir neçə dəfə gəzdiklərini, lakin heç kəsin aşkar olunmadığını deyib.
Berik bildirib ki, indiyə qədər heç bir təşkilatdan axtarış-xilasetmə işləri ilə yardım gəlməyib.
Qeyd edək ki, sentyabrın 10-da başlayan "Daniel" fırtınası Liviyanın Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində güclü daşqınlara səbəb olub. Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe sel səbəbiylə dünən ölkə daxilində 3 günlük matəm elan edib. Seldən zərər çəkmiş bölgələr üçün digər ölkələr və beynəlxalq qurumlardan yardım istənilib. Beynəlxalq Qırmızı Xaç Komitəsi Liviyada seldə itkin düşənlərin sayının 10 minə çatdığını da açıqlayıb.
Şəbnəm Mehdizadə
