Məzmuna keç

Hindistanda 58 il əvvəl oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hindistanda 78 yaşlı şəxs 58 il əvvəl oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazıb.

Nəşrin yazdığına görə, 58 il əvvəl Karnataka ştatının Bidar şəhərinin Mehakar kəndindən iki camış və bir dana oğurlanıb. Hadisəni törədənin Maharaştra ştatının Udagir şəhərindən olan 20 yaşlı Qanapati Vithal Vaqore olduğu müəyyən edilib. Oğurlanan mal-qara qısa müddətdə tapılaraq sahiblərinə qaytarılsa da, şübhəli və ya şübhəliləri yaxalamaq mümkün olmayıb. 58 ildən sonra şübhəli, hazırda 78 yaşında olan Vaqore yerli polis tərəfindən saxlanılıb.

Polis şübhəlinin daha əvvəl tutularaq məhkəməyə aparıldığını, lakin həbs qərarına baxmayaraq qaçdığını bildirib. Yaşını nəzərə alaraq, Vaqorenin zaminə buraxıla biləcəyi qeyd olunub.

Bildirilib ki, Vaqorun əlbir olduğu iddia edilən və 1965-ci ildə 30 yaşında olan Krişna Çandar 2006-cı ildə vəfat edib.

Sözügedən iş Bidar polisi tərəfindən araşdırılan ən qədim iş kimi qeydə alınıb.

Şəbnəm Mehdizadə