Məzmuna keç

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatdı –

“HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.

E-huquq.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 104 yerli sakin yaralanıb.

Qeyd olunub ki, ölənlərin sayının daha da artacağı gözlənilir.

***

18:47

HƏMAS-ın İsrailə hücumu nəticəsində 100 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 900 nəfərə çatıb.

Məlumatda çox sayda girovun Qəzzaya aparıldığı da bildirilir.

***

13.48

HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib.

***

12.54

HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində ölənlərin sayı 6-ya çatıb.

E-huquq.az xəbər verir ki, müxtəlif xəstəxanalardan verilən məlumatda 200-ə yaxın yaralının olduğu bildirilib.

***

12.21

HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

E-huquq.az xəbər verir ki, HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir.

Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.

Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib.

Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

***

10.07

İsrail Müdafiə Qüvvələri bu gün Qəzza zolağından atılan kütləvi raket atəşi fonunda "müharibə hazırlığı vəziyyəti" elan edib.

E-huquq.az xəbər verir ki, ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

“İsrail Müdafiə Qüvvələri müharibəyə hazır vəziyyət elan edir. Baş Qərargah rəisi hazırda vəziyyəti qiymətləndirir və ordu əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqləyir”, – deyə məlumatda bildirilir.

Ölkənin cənub və mərkəzi rayonlarının sakinlərinə sığınacaqlardan uzağa getməməyə, Qəzza zolağının yaxınlığındakı əhali isə sığınacaqlara getməyə çağırılıb.

Xatırladaq ki, bu gün, oktyabrın 7-də İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Qəzza zolağından atılan raketlər nəticəsində artıq ölüm hadisəsi baş verib: mərmi 70 yaşlı qadının evinə düşüb. Hadisə şahidləri sosial şəbəkələrdə onlarla raket atıldığını, bəzilərinin qəlpələrdən yaralandığını, küçələrdə yanğınların baş verdiyini bildirirlər. Baş nazir Benyamin Netanyahu tezliklə təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə təcili görüş keçirəcək.