İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 700-ə yüksəlib.
“E-huquq.az xəbər verir ki, bu barədə “Kan” dövlət teleradioşirkəti məlumat yayıb.
Məlumata görə, hücum zamanı daha 2,2 mindən çox israilli xəsarət alıb.
Daha əvvəl 600 nəfərə yaxın insanın öldüyü, 2 minə yaxın sakinin yaralandığı bildirilirdi. İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölənlərin sayının hələ də hesablandığını, onlarla yaralının vəziyyətinin ağır olduğunu, buna görə də qurbanların sayının artacağını bildirir.
***
08.22
“HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində ölənlərin sayı artıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail ərazisinə atılan 3 mindən çox raket 300 nəfərin ölümünə, 1 500 yerli sakinin xəsarət almasına səbəb olub.
Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahu mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və HƏMAS-ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.
Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb.
00.10
“HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 250-dən çox yerli sakin ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail ərazisinə atılan 3 mindən çox raket 1 452 nəfərin xəsarət almasına səbəb olub.
İsrail Səhiyyə Nazirliyi bildirib ki, hazırda 18 nəfərin vəziyyəti çox ağır, 267-sinin ağır, 279-nun orta ağır, 636 yaralının vəziyyəti isə yaxşıdır.
Qeyd olunub ki, 22 müxtəlif yerdə terrorçular mülki şəxslərə və əsgərlərə hücum ediblər. Hazırda mövcud vəziyyətlə bağlı ehtiyatda olan hərbçilər yenidən ordu sıralarına çağırılır.
Qeyd edək ki, oktyabrın 7-də İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib.
Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.
Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
