Hindistana yaxınlaşan tropik qasırğa səbəbindən 300 min insan təxliyə edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistan Meteorologiya İdarəsi "Dana" qasırğasının sürətinin saatda 100-120 kilometrə çatdığını, bu gün və ya sabah səhər saatlarında ölkənin şərq sahillərinə çatmasının gözlənildiyi bildirib.
Odişa əyalətinin baş naziri Mohan Charan Majhi əyalətdəki həssas bölgələrdən təxminən 300 min insanın təxliyə edildiyini söyləyərək, “Hökumət vəziyyəti idarə etmək üçün tam hazırdır", – deyə bildirib.
Odişanın 14 rayonundan 1 milyondan çox insanın təxliyə edilməsi planlaşdırılır. Şiddətli qasırğa və tufanların müşahidə olunduğu əyalətə çoxlu sayda yardım və xilasetmə qrupları göndərilib.
Odişada məktəblərdə tədris prosesi dayandırılıb.
Həmçinin 200-dən çox qatar reysi ləğv edilib və uçuşlar dayandırılıb. Balıqçılara dənizə çıxmamaq barədə xəbərdarlıq edilib.
Qərbi Benqal əyalətinin bəzi bölgələrində yağan leysana görə qurumlar yüksək hazırlıq vəziyyətinə keçib.
Qeyd edək ki, keçən il Hindistanda qasırğa nəticəsində 523 nəfər həyatını itirib. Ölkəyə 2,5 milyard dollar ziyan dəyib.
Şəbnəm Mehdizadə
