- 14:09
Paytaxtda növbəti səhlənkarlıq faciə ilə nəticələndi. Bakının Nərimanov rayonunda 27 yaşlı Cümşüd Cümşüdlü yer səthinin qəfil çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək həyatını itirdi. Gözlənilməz bu qəza ictimai ərazidə infrastrukturun necə təhlükə mənbəyinə çevrildiyini bir daha göstərdi.
Hadisə ilə bağlı ictimaiyyəti düşündürən əsas suallardan biri bu idi: Kim məsuliyyət daşıyacaq?
Baş Prokurorluğun məlumatına əsasən, faciənin baş verdiyi yer Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Artıq fakt üzrə prokurorluqda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ilə cinayət işi başlanıb.
Vəkil Emin Kiçikbəyov e-huquq.az-a açıqlamasında bildirib ki, bu, sadəcə səhlənkarlıq nəticəsində baş verən bir hadisə deyil.
"Mən bu hadisəyə görə çox böyük təəssüf hissi keçirirəm. Fikrimcə, bu məsələdə veriləcək cəza daha ciddi olmalıdır. İstintaqın işinə qarışmaq istəmirəm, çünki bu, istintaq zamanı dəqiq müəyyən ediləcək. Lakin mən hesab edirəm ki, burada təkcə səhlənkarlıq yox, qəsd də mövcuddur. Çünki hadisənin baş verəcəyini bilə-bilə onu ört-basdır etmək cəhdi var idi. Bu, açıq-aşkar tələdir. Düşünürəm ki, bu qəsdən baş verib, ehtiyatsızlıqdan deyil. Ehtiyatsızlıq o zaman olardı ki, hadisə bilmədən, gözlənilmədən baş verərdi, yaxud belə bir risk düşünülməzdi. Amma burada çökmə ehtimalı əvvəldən məlum idi. Ona görə də hesab edirəm ki, baş verən hadisə qəsdən, bilərəkdən və şüurlu şəkildə həyata keçirilib. Buna görə birbaşa Dövlət Su Ehtiyatları Agentliyi məsuliyyət daşıyır. Dünyanın heç bir yerində belə fəlakətlər olmur, çünki dövlət qurumları strukturlarını qanuni və möhkəm şəkildə əsaslı təmir edir, hər hansı bədbəxt hadisənin qarşısını almaq üçün ciddi tədbirlər görürlər. Bu hadisənin miqyası daha böyük də ola bilərdi. Yayılmış görüntülərdən də göründüyü kimi, Cümşüdün ayağını qoyduğu anda torpaq uçur. Çökmə baş verən zaman orada bir yox, bir neçə şəxs də ola bilərdi. Bu hadisədə günahkar olan bütün məsul şəxslər məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır", - deyə vəkil bildirib.
E.Kiçikbəyov zərərçəkmişin ailəsinin aidiyyəti qurumlardan maddi və mənəvi təzminat tələb etmək hüququnun olduğunu da bildirib:"Hadisəyə görə məsuliyyət daşıyanlara qarşı maddi və mənəvi təzminatla bağlı iddia qaldırılmalıdır. Məsul qurumun günahı sübuta yetirilərsə, onlardan təzminat alınaraq Cümşüdün ailəsinə ödənilməlidir".
Şəbnəm Mehdizadə