- 21:50
Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Hazırda Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsindən helikopterləri iştirak edir.
Əlavə məlumat veriləcək.
***
13.45
Məlumat verildiyi kimi Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Nazirlikdən e-huquq.az-a verilən xəbərə görə, hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.
Relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
12.55
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.
E-huquq.az xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar geniş əraziyə yayılaraq meşəlik əraziyə keçib.
Ərazinin çətin relyefli olması yanğına qurudan operativ müdaxilədə çətinliklər yaradır. Bunun üçündə daha çox havadan müdaxilə zərurəti yaranıb.
Hazırda hadisə yerində FHN-in yanğınsöndürmə briqadaları ilə yanaşı, helikopterlər də yanğını söndürmək üçün fəaliyyətlərini davam etdirirlər.
***
11.49
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.
E-huquq.az xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlər də cəlb olunub.
Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarında götürürlər.
***
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.
E-huquq.az xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Yanğın əsasən quru ot və kolluq ərazidədir.
Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları cəlb edilib.
Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.