Onlayn mərc və qumar oyunları təşkil edən şəbəkənin üzvləri həbs edildi - VİDEO


  • 15:44

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvlərini saxlayıb.

Bu barədə e-huquq.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, baş İdarəyə sosial şəbəkələrdə açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən tədbirlərlə Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar.

Adları sadalanan şəxslər ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunlarının təşkilatçıları ilə əlaqə saxlayıb onlardan "fastloto.com" və digər internet saytlarında təşkil edilmiş qumar oyunlarında iştirak üçün gizli şifrələr əldə ediblər. Daha sonra onlar sosial platformalarda “Kral Kazino" və digər adlar altında virtual kassa yaradaraq onlarla əlaqə saxlayan şəxsləri pul müqabilində qumar oyunlarına cəlb ediblər.

Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrə məxsus mobil telefon nömrələri və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. İfşa edilən hər iki şəbəkənin başçısı Aqil Məmmədzadə, Ülvi Məmmədov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər