Bakıda avtobusda gediş haqqına görə sürücü döyüldü, qulaq pərdəsi deşildi


  • 17:17

Bakıda marşrut avtobusunda gediş haqqı ilə bağlı yaranan mübahisə fiziki qarşıdurma ilə nəticələnib. Hadisə 28 May metrostansiyasının yaxınlığında 5 nömrəli marşrut avtobusunda qeydə alınıb.

E-huquq.az-ın məlumatına görə, 40 yaşlı kişi həyat yoldaşı ilə birlikdə avtobusa minərək hər iki şəxs üçün ödəniş edib. Lakin sürücü onların ödəniş etmədiyini iddia edərək sərnişinlə mübahisəyə başlayıb. Mübahisə zamanı sərnişin əlavə ödəniş etsə də, sürücü aqressiv davranmağa davam edib.

Bir neçə saat sonra Bayıl qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığında təsadüfən həmin sürücü ilə yenidən qarşılaşan şəxs məsələyə aydınlıq gətirmək istəsə də, sürücü bu dəfə də təhqiramiz ifadələr işlədib. Nəticədə sərnişin əsəblərinə hakim ola bilməyərək bir dəfə sürücünün üz nahiyəsinə zərbə endirib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs zərərçəkmişlə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli ilə onun qulaq nahiyəsinə bir zərbə endirib. Bu zərbə nəticəsində zərərçəkmişin sol qulağının təbii pərdəsinin perforasiyası (cırılması) baş verib və bu, sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

Hadisədən sərnişin sürücüyə dəymiş ziyanı ödəyib və onların barışdığı bildirilib. O, həmçinin şəhid ailəsi üzvü olduğunu, 3 azyaşlı övladına baxdığını və III qrup əlil olduğunu əsas gətirərək cinayət işinə xitam verilməsini xahiş edib.

Zərərçəkmiş şəxs də məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə tərəflər arasında barışıq və dəymiş ziyanın ödənilməsi nəzərə alınaraq, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsi əsasında cinayət məsuliyyətindən azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamıığa yüngül zərər vurma) maddəsi ilə açılmış cinayət işinə xitam verilib.

Humay Eminqızı

Oxşar xəbərlər