Biləsuvarda ağır qəza: ata və iki aylıq körpəsi öldü, 3 nəfər yaralandı - FOTO - ADLAR - YENİLƏNDİ


  • 11 Avqust 23:13

Biləsuvar rayonunda baş verən ağır qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

E-huquq.az xəbər verir ki, 11 avqust 2025-ci il saat 18:15 radələrində köhnə Ələt–Astara avtomobil yolunun 90,5-ci kilometrliyində “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, “99 BB 480” dövlət qeydiyyat nişanlı “Mercedes”in sürücüsü Biləsuvar sakini Ağalı Cəfər Naib oğlu olub. Avtomobildə sərnişin qismində 1961-ci il təvəllüdlü Qurbanov Gülağa Rəhim oğlu və 1975-ci il təvəllüdlü Orucova Şəhla Hüseynağa qızı olub. Hər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər nəqliyyat vasitəsi – “99 SS 957” dövlət qeydiyyat nişanlı “VAZ 21015”in sürücüsü Cəbrayıl rayon sakini, 1993-cü il təvəllüdlü Elşən Niftəliyev və onun 2 aylıq körpəsi Ahu Niftəliyeva hadisə yerində dünyasını dəyişiblər. Sürücünün həyat yoldaşı, 1996-cı il təvəllüdlü Günay Niftəliyeva isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Ümumilikdə qəza nəticəsində 3 nəfər – 2 qadın və 1 kişi xəstəxanaya hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

***

22:28

Biləsuvar rayonunda qəzanın təfərrüatı məlum olub.

TƏBİB-dən e-huquq.az-a bildirilib ki, qəza nəticəsində 3 nəfər – 1961, 1975 və 1996-cı il təvəllüdlü şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.

Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.

1961 və 1975-ci il təvəllüdlü şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyəti orta ağır olan 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.

Qəza zamanı 2025-ci il təvəllüdlü körpə (qadın cinsli) hadisə yerində, onun atası isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

20.40

Biləsuvar rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, qəza köhnə Ələt–Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili ilə “VAZ 21015” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər