Salyanda məktəbdə zəhərlənənlər evə buraxıldı - YENİLƏNDİ


  • 5 Dekabr 2025 18:52

Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbdə baş verən hadisə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin ciddi nəzarətindədir.

E-huquq.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunur ki, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

"Qeyd edək ki, gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir" - İdarədən bildirilib.

Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır..

,***

17:25

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 20 nəfər (15 nəfər qadın cinsi, 5 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 11 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 9 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

***

Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.

Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

TƏBİB-dən isə bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 13:48 radələrində Yuxarı Noxudlu kənd məktəbində 11 şagird (4-ü oğlan, 7-si qız) və 2 nəfər texniki qadın işçi tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəruri tibbi xidmət göstərildikdən sonra 8 nəfəri evə buraxılıb.

Oxşar xəbərlər