- 13 May 22:21
Mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş verib.
Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq 271 nömrəli tam orta məktəbdən məlumat verilib.
Bildirilib ki, bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyib.
"Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb.
Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib.
Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb", - deyə qeyd olunub.
Həmçinin bildirilib ki, Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.
"Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır", - deyə vurğulanıb.
Qeyd edək ki, Bakıda 271 nömrəli tam orta məktəbdə bir şagirdin digər şagirdi döyməsi ilə bağlı sosial şəbəkələrdə götüntülər yayılıb. İddia olunub ki, həmin şagird hər gün məktəbdə digər şagirdlərə qarşı fiziki zorakılıq göstərir.
Şəbnəm Mehdizadə