- 21 İyul 22:54
İki nəfər Bakının Sabunçu rayonunun Nardaran və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbələrində dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma təhlükəsində olan vətəndaşlar, 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralıda və 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu H.Z.Tağıyev qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 300 metr aralıda dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.