06.10.2023-cü il tarixində Masallı şəhərində ticarət mərkəzində baş vermiş yanğınla bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
TƏBİB-dən e-huquq.az-a verilən məlumata görə, dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb edilib.
Yanğında xəsarət alan 7 nəfər (kişi) təcili tibbi yardım briqadası tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Xəsarət alan şəxslərdən 6 nəfəri yanğın tüstüsünün təsiri, 1 nəfər isə sol saidin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Zərərçəkənlərə dərhal zəruri tibbi yardım göstərilib, 1 nəfər müvafiq tibbi yardımdan sonra (sol saidin kəsilmiş yarası diaqnozu) ambulator müalicə üçün evə buraxılıb.
Digər 6 nəfərin müşahidədə saxlanılmaqla müalicəsi davam etdirilir.
***
Masallı şəhərində bazar ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Bu barədə e-huquq.az-a FHN Mətbuat xidmətinfən məlumat verilib.
Qeyd olunub ki, bazar ərazisində yanğın baş verib və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğını məhdudlaşdırıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Bu barədə e-huquq.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub: “1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir. Əlavə məlumat veriləcək”.
***
Masallı şəhərində yerləşən və Köhnə bazar adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.
E-huquq.az xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Hadisə barədə əlavə məlumat veriləcək.
