Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.
TƏBİB-dən e-huquq.az-a bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, indiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib, təcili tibbi yardım briqadaları hadisə yerindədir.
***
Suraxanı rayonunda baş verən yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
"Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi – Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib", – məlumatda qeyd olunub.
***
Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın başlayıb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
