Məzmuna keç

Bakıda boya sexində baş verən yanğın söndürüldü –

Bakının Xətai rayonunda boya sexində baş verən yanğın söndürülüb.

E-huquq.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqə sektorunun rəisi kapitan Əlibala Əlizadə deyib.

O bildirib ki, yanğınla bağlı əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub:

"Ərazidə yanğın tam söndürülüb, lakin yüksək temperatur müşahidə olduğundan hazırda ərazidə soyutma işləri aparılır".

***

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğını ətraf ərazilərə yayılmasına imkan vermədən məhdudlaşdırıb.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın zamanı obyektin həyətində olan bir neçə avtomobil yanıb.

E-huquq.az xəbər verir ki, yanğının "Yurd F" MMC boya sexinin təxminən 5-6 sot ərazisini əhatə etdiyi bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.

***

Xətai rayonu ərazisində baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, havaya yayılan qara tüstü axını ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür.

***

Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən e-huquq.az-a bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

E-huquq.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.