Baş prokuror: "Azərbaycan Prokurorluğu bundan sonra da üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək"


  • 11:53

"Mənim bu mühüm vəzifəyə yenidən təyin olunmağıma dair ali qanunvericilik orqanına təqdimatla müraciət etdiyi üçün Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevə öz adımdan və prokurorluq orqanlarının kollektivi adından dərin təşəkkürümü bildirirəm".

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, respublikamızın bugünkü uğurlarının əsasını müasir Azərbaycanın qurucusu, hüquq sisteminin əsasını təşkil edən Konstitusiyamızın müəllifi ümummilli lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı suverenliyimizin tam bərpasına hədəflənmiş strategiyası və uzaqgörən siyasəti təşkil etməkdədir: Məhz bu strategiyanın Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən dünyada gedən qarışıq siyasi proseslər fonunda uğurla davam etdirilməsinin, habelə balanslaşdırılmış səmərəli xarici siyasətin aparılmasının və ordu quruculuğuna verilən önəmin nəticəsidir ki, “Vətən Müharibəsi” və daha sonra lokal xarakterli anti-terror tədbirləri ilə 30 ildən çox bir müddətdə davam etmiş ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı problemlərə birdəfəlik son qoyulub, ölkəmizin suverenliyi və konstitusiya quruluşu bütün ərazilərimizdə tam bərpa olunub. Torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə uğurlu bərpa-quruculuq işlərinə başlanılmış, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb".

K.Əliyev deyib ki, Prokurorluq orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin “Respublika prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və qayğının göstəricisidir: "Bu diqqət və qayğı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən də davam etdirilməklə prokurorluq əməkdaşlarının sosial müdafiəsi gücləndirilmiş, prokurorluq orqanlarının maddi-texniki bazası ən müasir tələblər səviyyəsində yenilənmiş, yeni prokurorluqlar - Kəlbəcər, Qubadlı, Ağdam hərbi və Xankəndi şəhər prokurorluğu təsis edilib. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların mütərəqqi nəticəsi kimi onun tərəfindən imzalanmış müvafiq Fərmanlarla yaradılmış "Elektron Prokurorluq" informasiya sistemi artıq 2 ildən çox bir müddətdir ki, tətbiq edilməkdədir. Nəticədə bütün prokurorluq orqanlarının işi rəqəmsallaşdırılıb, fəaliyyət istiqamətlərinə uyğun olaraq icraatlar üzrə proseslər sürətlənib ki, bu da fəaliyyətimizdə çevikliyi artırmaqla vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etməkdədir".

Baş prokuror bildirib ki, siyasi iradədən qaynaqlanan hazırda davam etdirilən islahatlar bu yeni dövrdə, xüsusən də "Konstitusiya və Suverenlik ili" çərçivəsində Azərbaycan Prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur. O, prokurorluğun qarşısında duran əsas vəzifələrdən bəzilərini diqqətə çatdırıb: "Dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizənin gücləndirilməsi, dövlətçiliyin daxili və xüsusən də xarici təhdidlərdən müdafiəsi, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndirilməs, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, dövlət və özəl sektorda korrupsiyanın bütün təzahür formalarına, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi, eyni zamanda kölgə iqtisadiyyatına qarşı kəsərli mübarizənin aparılması, hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar kontekstində sahibkarların hüquqlarının qorunması, özəl sektorun inkişafına mane olan hüquqpozmaların qarşısı qətiyyətlə alınmaqla əlverişli biznes mühitinin təmin edilməsi, məhkəmələrdə dövlət ittihamının müdafiə edilməsi işinin təkmilləşdirilməsi, vahid və balanslaşdırılmış cəza siyasətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi, habelə cəza təyini və cəzadan azad edilmə halları zamanı ədalət prinsipinin tam təmin edilməsi, əhalinin hüquqi savadının artırılması məqsədilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, habelə əhalinin həssas təbəqəsinin, xüsusən uşaq, qadın, yaşlı və digər qrup şəxslərin hüquqlarının ən yüksək səviyyədə qorunmasının təmin edilməsi, dövlətə və dövlətçiliyə sadiq gənc hüquqşünasların yetişdirilməsi, onların prokurorluq orqanlarında şəffaf prosedurlar əsasında işə qəbul edilməsi, müasir dövrün tələbinə uyğun olaraq prokurorluq əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, layiqli kadrların vəzifələrdə irəli çəkilməsinin diqqətdə saxlanılması, "Elektron prokurorluq" informasiya sistemi daim təkmilləşdirilməklə süni intellektin istifadəsinin təmin edilməsi, ölkə üzrə rəqəmsal cinayət prosesinin tətbiqinə nail olunması, ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməklə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi və qabaqcıl təcrübənin öyrənilərək tətbiqinin təmin edilməsi".

"Bu yüksək kürsüdən müraciət edərək, Azərbaycan Respublikasının Prezidentini, birinci Vitse-Prezidentini, Sizləri və bütövlükdə Azərbaycan xalqını əmin etmək istərdim ki, bundan sonra da Azərbaycan Prokurorluğu öz fəaliyyətinin göstərilən ali etimada layiq səviyyədə qurulması üçün Konstitusiya və qanunlarda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək", - deyə K.Əliyev əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər