- 16:08
"Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır".
E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – "GlobE Network"un VI Plenar iclasının açılışında deyib.
O bildirib ki, cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir.
"Möhtərəm cənab Prezidentin müraciətində də qeyd edildiyi kimi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu sahədə əlaqələndirici və aparıcı rola malikdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsası qoyduğu dövlət idarəçiliyində şəffaflıq və qanunun aliliyi prinsipləri, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək korrupsiyaya qarşı sıfır tolerantlıq mövqeyi ilə davam etdirilir. Ölkə rəhbərliyinin siyasi iradəsi, konkret hədəfləri və prinsipial mövqeyi bu sahədə əldə etdiyimiz nəticələrin əsas təməlini təşkil edir", - deyə K.Əliyev qeyd edib
Baş prokuror deyib ki, eyni zamanda, ölkəmizdə 2012-ci ildə yaradılmış və artıq beynəlxalq səviyyədə tanınan “ASAN xidmət” modeli - vətəndaşlar üçün şəffaf və sürətli xidmət nümunəsi korrupsiyanın qarşısının alınmasında və ictimai idarəçiliyə etimadın gücləndirilməsində mühüm rol oynayır: "Bu innovativ yanaşma rəqəmsallaşma və şəffaflıq üzərində qurulmuş uğurlu dövlət siyasətinin göstəricisidir".
Şəbnəm Mehdizadə