Baş Prokuror 3 ölkənin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirdi - FOTO


  • 14:21

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir. 19–23 may tarixlərində Bakı şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşü çərçivəsində, mayın 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bir sıra ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Görüşlərdə Çex Respublikasının Təhlükəsizlik Qüvvələri Baş Müfəttişliyinin direktoru Vit Hendrix, Nepal Federativ Demokratik Respublikasının Səlahiyyətlərin Sui-istifadəsinin Araşdırılması üzrə Komissiyasının komissarı Hari Paudel və Liviya Dövlətinin İnzibati Nəzarət Orqanının sədri Abdulla Qadirbohun iştirak ediblər.

Baş prokuror Kamran Əliyev keçirilən görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların mahiyyəti barədə ətraflı məlumat verib, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarının institusional fəaliyyəti, tətbiq edilən innovativ idarəetmə mexanizmləri və beynəlxalq tərəfdaşlıq təşəbbüsləri barədə danışıb. O, həmçinin GlobE Şəbəkəsinin transmilli korrupsiya ilə mübarizədə mühüm beynəlxalq platforma olduğunu vurğulayaraq, Azərbaycanın bu əməkdaşlıq çərçivəsində daha fəal iştiraka maraqlı olduğunu bildirib.

Qonaqlar, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, xüsusilə hüquqi islahatların ardıcıllığı və prokurorluq orqanlarının fəaliyyətində müşahidə edilən inkişaf dinamikasını müsbət nümunə kimi dəyərləndiriblər.

Görüşlər zamanı qarşılıqlı təcrübə və informasiya mübadiləsinin gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin inkişafı və gələcək əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İkitərəfli danışıqlar, həmçinin regional və beynəlxalq səviyyədə birgə təşəbbüslərin həyata keçirilməsi, o cümlədən qlobal antikorrupsiya səylərində birgə iştirakla bağlı məsələlərin müzakirəsi ilə müşayiət olunub. Nümayəndə heyətləri Azərbaycan Prokurorluğunun şəffaflıq, etik davranış və hesabatlılıq prinsiplərinin təşviqi sahəsində qazandığı nailiyyətlərə xüsusi maraq göstərərək, bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını ifadə ediblər.

Oxşar xəbərlər