Baş Prokurorun müavini Heydər Məmmədov Monqolustanda beynəlxalq konfransda iştirak edib - FOTO


  • 5 İyun 16:31

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 4-5 iyun tarixlərində Monqolustanın Ulan-Bator şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 10-cu Regional Konfransında iştirak edib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Mərkəzi Asiya və Avropa ölkələrinin prokuroluqlarını bir araya gətirən mötəbər tədbirin rəsmi açılış mərasimində Monqolustan Prezidenti cənab Uxnaaqiyn Xurelsux konfrans iştirakçılarını salamlamış, tədbirin işinə uğurlar arzulayıb və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulanıb.

Konfrans çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafı, sosial medianın müasir çağırışlar fonunda hüquqi aspektləri və kibercinayətkarlıqla mübarizə sahəsinə təsiri kimi aktual məsələlər müzakirə olunub.

Baş prokurorun müavini Heydər Məmmədov konfransda təqdimatla çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə dinamik inkişaf yolunda irəlilədiyini, tərəqqi yönümlü islahatların informasiya-kommunikasiya texnologiyaları, suni intelekt və rəqəmsal media sferalarını da əhatə etdiyini vurğulayıb.

Bu kontekstdə sosial mediadan daha səmərəli istifadə məsələlərinə də toxunan Heydər Məmmədov təhlükəsiz sosial media mühitinə xidmət edən hüquqi tənzimləmə mexanizmlərinin tətbiqi imkanlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Heydər Məmmədov medianın və sosial şəbəkələrin cinayətlərin aşkar olunması, onların qarşısının alınmasında effektiv istifadə edilməsi, Azərbaycanda sosial media sahəsində normativ hüquqi bazanın gücləndirilməsi və bu kontekstdə beynəlxalq tələblərə cavab verən standartların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Həmçinin Bakıda uğurla keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının beynəlxalq hüquq əməkdaşlığına verdiyi töhfə xüsusi vurğulanıb.

Tədbirin gedişində Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Monqolustanın Baş prokuroru cənab Jarqalsaikxan Banzraqınla, habelə Çin, Nepal, Avstriya, Zimbabve, Tajikistan və Qazaxıstan kimi ölkələrin prokurorluq nümayəndələri ilə görüşlər keçirərək hüquqi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

Oxşar xəbərlər